Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda fəaliyyət göstərən 43 siyasi partiya Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna dəstək bəyanatı imzalayıb

17 iyul 2020 | 16:00

İyul ayının 12-dən başlayaraq Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edir. Qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Erməni rəhbərliyi birinci dəfə deyil ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.


Ermənistan tərəfindən xaincəsinə hücumunun qarşısı Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində  qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilib. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalıb. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!
Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyil və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.


Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.


Fərqli siyasi baxışlarına baxmayaraq, 43 aparıcı partiyanın bu məsələ ilə bağlı birgə bəyanatı da daxili siyasi mühitin dövlət başçısının atdığı addımları yüksək formada dəstəkləməsinin, ölkədəki siyasi dialoqun münbit inkişafının bariz nümunəsini göstərdi.


Siyasi partiyaların birgə bəyanatı ümumilli maraqlar, dövlət təhlükəsizliyi yolunda əsl yerində atılmış, məntiqi addımdır. Ölkə rəhbərinin apardığı siyasətin əsas xətti xalqın rifahı, dövlət təhlükəsizliyinin, milli maraqların hər an və hər məsələdə təmin olunmasıdır. Buna görə də daxili ictimai və siyasi mühitin Prezident İlham Əliyevin dəstəkləməsi bu məsələnin məntiqi davamıdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı siyasət, atdığı addımlar Azərbaycan dövlətinin suverenliyinin, ümumilli maraqların qorunmasının yeganə qarantıdır.


Belə bir həmrəylik təqdir olunduğu qədər də nümunəvi siyasi modeldir. Bu model, bu iradə qarşısında tezliklə Ermənistanın işğal olumuş torpaqlardan çıxmaqdan başqa çarəsi qalmayacaq.
Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər.


Bəyanatda deyilir: ”Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.


Bununla da ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması və fərqli siyasi baxışları olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.

Keçidlər