Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: "... bayrağımızı istədiyimiz yerə sancdıq"

20 iyul 2020 | 16:00

Prezident İlham Əliyev son 4 ildə 3 əməliyyat keçirildiyini, üçündə də qalib gəldiyimizi və üçündə də bayrağımızı istədiyimiz yerə sancdığımızı bildirib. Bu barədə ölkə başçısı iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib.  Son günlər baş verən Tovuz rayonu istiqamətində gedən döyüşlərdən danışan Ali Baş Komandan bildirib:

“Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu”.

Onlarla düşmən hərbiçinin məhv edildiyini deyən Prezident İlham Əliyev sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsinin darmadağın edildiyini vurğulayıb. Ölkə başçısı əlavə edib:

“... onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir”.

Prezident İlham Əliyev son 4 ildə keçirilən digər əməliyyatlara da toxunub, onların nəticələrindən bəhs edib:

“Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı”.

Ali Baş Komandan bu döyüşlərdən sonra bayrağımızın lazımı yerlərdə dalğalandığını da qeyd edib:

“O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz”.

Keçidlər