Daha bir bayram təntənəsi yaşandı
Sentyabrın 16-da bütün Respublikada olduğu kimi, İsmayıllı rayonunun təhsil müəssisələrində də Bilik günü yüksək səviyyədə, təntənəli şəkildə qeyd olundu.
Nazirlər Kabinetinin qərarına əsasən bu il həyata vəsiqə alan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Bilik gününü Peşə tədris Mərkəzi ilə birgə qeyd etdi.
Rayon Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbirə 400-dən çox müəllim, tələbə, valideyn və ictimaiyyətin nümayəndələri toplaşmışdı.
Bilik gününü giriş sözü ilə kollecin direktor müavini Sevda Qasımova açdı. O, Azərbaycan təhsilinin yüksək inkişafından, yeni fəaliyyətə başlayan kollecin inkişaf istiqamətlərindən danışdı. Sonra sözü RİH-nin başçısı cənab M.Sadıqova verdi.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov bütün təhsil işçilərini, kollecin və Peşə Tədris Mərkəzinin müəllim , tələbə və şagird heyətini Bilik günü münasibətilə təbrik etdi, rayon təhsilinə, kollecin işinə uğurlar arzuladı, gələcək inkişaf yolları barədə məlumat verdi.
Sonra kollecin direktoru, iqtisad elmləri doktoru Rəsul Balayev, Millət Vəkili Novruz Aslanov, valideyn Qüdsiyə xanım İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov çıxış edərək təhsilə göstərdiyi qayğıya və yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda rayon Mədəniyyət Mərkəzinin konsert proqramı bayram şənliyinə toplaşanlarda xoş ovqat yaratdı, İsmayıllıda daha bir bayram təntənəsi yaşandı.