Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul — Milli Mətbuat Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun media mənsublarına təbriki:

22 iyul 2020 | 16:00

Hörmətli mətbuat işçiləri, əziz jurnalistlər!

Bu gün respublikamızın media mənsublarına Azərbaycan Milli Mətbuatının yaranmasının 145-ci ildönümü gününü yaşamaq nəsib olub. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənməsi medianın inkişafını şərtləndirən başlıca amillərdəndir. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin “Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixdə imzaladığı Sərəncam Milli Mətbuatımıza diqqətin göstəricisidir. Ölkə başçısının İsmayıllı rayonundakı islahatlarının və dövlət siyasətinin təbliğində kütləvi informasiya vasitələrinin əməyi danılmazdır.

Respublikamızda, o cümlədən rayonumuzda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri işçilərini, müxbirləri, veteran jurnalistləri, bir sözlə bütün qələm sahiblərini 145 illik tarixə malik Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımızın firavan həyatı barədə daim xoş xəbərlərin müjdəçisi olmağınızı arzulayıram.
Bayramınız mübarək olsun!

Hörmətlə,
Nahid Bağırov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı                         
22 iyul 2020-ci il

Keçidlər