Zərgəran, Minkə və Tircan kəndlərinə təbii qaz verilib
Bu gün İsmayıllı rayonunun Zərgəran, Minkə və Tircan kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və İcra Hakimiyyətinin məsul işçiləri, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tircan kəndində keçirilən açılış mərasimlərində çıxış edən İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov əhalini təbrik edərək bildirib ki, ölkə prezidenti daim xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Tədbirdə çıxış edən kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildiriblər. Bildirilib ki, əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulub. Dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirildiyi qeyd edilib. Kənd sakinlərinin mavi yanacaqla təminatı üçün ümumi uzunluğu 42000 paqonometr polad boru ilə orta təzyiqli qaz xətti çəkilib. 20000 paqonometrdən artıq küçələrarası xəttlər tamamlanıb. Küçələrin yeraltı keçid hissələri izolyasiya edilib və borular rənglənib.520 abonentlə müqavilələr bağlanıb, sayğacla təmin edilib. Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.