Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda selin fəsadları aradan qaldırılıb - VİDEO

04 avqust 2020 | 16:00

03 avqust 2020-ci il tarixdə saat 19:20 radələrində başlayan leysan yağışları rayon ərazisində bir sıra fəsadlar törətmişdir.  “Qarasu” adlanan çayda sel sularının dağlardan gətirdiyi ağac kötükləri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisində su ötürücülərinin qarşısını kəsmişdir. Nəticədə su yığılaraq asfalt yola çıxmış və nəqliyyatın hərəkəti məhdudlaşmışdır.
Yaranmış vəziyyətlə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının rəhbərliyi ilə “9 nömrəli Yol İstismarı” MMC-nin canlı qüvvəsi və texnikaları cəlb olunaraq yolun qısa müddətdə açılması və nəqliyyatın hərəkətinin bərpası təmin edilib.

Həmçinin leysan yağışları səbəbindən Ax-ox çayda da daşqın yaranmışdır.  Nəticədə Xanagah kəndi ərazisində İsmayıllı şəhərinin içməli su təchizatının mənbəyində qurulmuş bəndlərə və  yaxınlıqda yerləşən xlorlaşdırıcı qurğuların yerləşdiyi binaya təhlükə yaranmışdır. İsmayıllı “Sukanal” Sahəsi və  Suvarma Sistemləri İdarəsi tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində müvafiq texnikalar cəlb olunmaqla təhlükə aradan qaldırılıb. Hazırda ərazidə texnikalar vasitəsilə təhlükəsizlik tədbirləri davam etdirilir.

Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yoluna dağdan düşən qaya parçaları “5 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi”nin texnikalarının köməkliyi ilə təmizlənib, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yağışlar nəticəsində Göyçay çay, Ax-ox çay, Cülyan çay, Talıstan çay, Sirsak çay çaylarının yataqlarında təmizlənmə işləri davam edir.

 

 

 

Keçidlər