Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin xatirəsi yad edilib

10 avqust 2020 | 16:00

Azərbaycan ordusu hazırda dünyanın güclü orduları sırasındadır. Günbəgün ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır. Xidmətdə olan vətən oğulları lazım gəldikdə xain, təxribatçı düşmənə laiqli cavab verir, torpaq, vətən uğrunda canlarından keçirlər. 2016-cı ilin aprel döyüşləri, Tovuz rayonu sərhəddində ermənilərin təxribatına qarşı aparılan mübarizə bunu bir daha təsdiq etdi.

Tövuz döyüşlərində erməni vandallarının təxribatına laiqli cavab verildi, ordumuz düşməni geri oturtdu. Bu döyüşlərdə şəhidlərimiz də oldu. İtkilərimiz olsa da düşmən gücümüzü bir daha hiss etdi, qorxdu, geri çəkildi.

Bu döyüşlərin şəhid qəhrəmanlarından biri də rayonumuzun Balik kəndinin yetirməsi Xəyyam Daşdəmirov oldu. O, öz gənc ömrünü xalqına, torpağına, canından artıq sevdiyi Vətəninə bağışladı, şəhidlik zirvəsinə yüksəldi. Əsgər kimi yola düşdü, şəhid kimi geri qayıtdı.

Bu gənc eloğlumuzun məzarı, valideynləri hər gün ziyarət olunur. Xəyyamın ruhu qarşısında, onun valideynləri önündə baş əyilir. Azərbaycan xalqı, ismayıllılar, rayon rəhbərliyi şəhidin ata-anasını tək buraxmır.

Bu günlərdə rayon icra hakimiyyəti, Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi, ehtiyatda olan hərbiçilər, Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin nümayəndələri, mədəniyyət işçiləri və “İsmayıllı xəbərləri” qəzeti əməkdaşları tərəfindən şəhid Xəyyam Daşdəmirovun məzarı ziyarət olunub, valideynlərinə baş çəkilib. Şəhidin valideynləri ilə söhbət zamanı qeyd olunub ki, Xəyyam və onun kimi qəhrəman gənclərin xatirəsi heç vaxt unudulmayacaq. Xəyyam yetişən gəncliyimizə bir örnək olaraq həmişə xatırlanacaq. Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək:

 

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi şəhidlər.

Vətən torpağına çəkdi şəhidlər.

 

 

Keçidlər