27 Sentyabr Anım Günü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının benefisiarları və əməkdaşları İsmayıllı rayon Şəhidlər Xiyabanını ziyarət ediblər
Filial üzvləri əvvəlcədən hazırladıqları 27 gül dibçəyini və qərənfilləri şəhid məzarları önünə düzüb, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Sonra “DOST EVİ” filialında 44 günlük Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları da iştirak ediblər. Şəhid Famil Əhmədzadənin anası Sənubər Əhmədova, şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva, şəhid Ruslan Tağıyevin anası Lətifə Tağıyeva çıxış edərək, qəhrəmanlıq və qürur salnaməmizə çevrilən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti və ordumuzun döyüş şücaətindən söhbət açıblar. Tədbirdə filialın benefisiarları-həssas qruplardan olan şəxslərin ifasında vətənpərvərlik ruhunda şeirlər təqdim edilib.
Tədbir iştirakçıları, o cümlədən şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları filialın fəaliyyəti ilə tanış olublar.