Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat veriblər.
Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.
Hazırda Peşə Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.
Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.
Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.
Ölkə başçısı çıxışında bildirib ki, ”Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.”
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə düşünülmüş və çevik iqtisadi siyasətin reallaşdırılması nəticəsində milli iqtisadiyyatın dinamik və davamlı inkişafı təmin etdirilir. Ölkənin gələcək inkişafı üçün güclü istehsal, maliyyə potensialı, infrastruktur və institusional baza yaradılmış, digər vacib problemlərlə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi irəliləyişlər əldə olunub.
Açlışını etdiyi sənaye parkında cənab Prezident vurğulanmışdır ki, Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.