Şriftin ölçüsü :

Saytın rəngi :

Atəşkəs real həyatda baş vermədi

14 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. 

Dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik.

Bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

“Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”, - deyə dövlətimizin başçısı qeyd edib.

Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir.

Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır.

Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur.

Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar.

Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.

Burada, ilk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər.

Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır.

Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.

Keçidlər