İsmayıllının ucqar dağ kəndlərinə yol çəkilir
Rayonun Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərinə ilk dəfə asfalt yol çəkilir. Bu kəndlər dəniz səviyyəsindən 1500 metrdən yüksək hündürlükdə olmaqla, rayon mərkəzindən 40 kilometrdən çox məsafədə yerləşir. Basqal qəsəbəsindən başlayaraq bu kəndlərə çəkilən yolun uzunluğu ümumilikdə 10 kilometrdir. Burada yol yatağı yenidən qurulur, körpü və suötürücü kollektorlar quraşdırılır və asfalt döşənir. İşlər “İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilir.
Məlumat üçün bildiririk ki, Prezident İlham Әliyev 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar sәrәncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq ərazidə tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılır, həmçinin ənənəvi xalq sənətkarlığı növlərinin və turizmin dirçəldilməsi də nəzərdə tutulur.
Bundan əlavə, 17.6 hektarlıq ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikilir.