Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriki

09 noyabr 2020 | 16:00

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin iclasında dövlət bayrağı qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 70 il sonra 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılmış, dövlət bayrağı kimi təsdiqlənmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək, üç rəngli bayrağımızı dövlət bayrağı elan edib.

Dövlət müstəqilliyimizin  bərpasından sonra  Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Hazırda ölkəmizdə Vətən Müharibəsi gedir. 27 sentyabrda düşmən təcavüzünün qarşısını almaq üçün qüdrətli ordumuz geniş miqyaslı əks hücüm əməliyyatına başladı. 30 illik işğaldan sonra üçrəngli müqqədəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Dünən, noyabrın 8-də Prezident İlham Əliyev Azərbaycanın qədim şəhəri Şuşanın azad olunduğunu elan elədi. Bu gün Bayraq günündə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, Şuşada üçrəngli bayrağımız dalğalanır.
Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər ordumuzun gücü ilə bütün torpaqlarımız tezliklə düşməndən tam azad olunacaq, üçrəngli əzəmətli bayrağımız Azərbaycanın hər tərəfində qürurla dalğalanacaqdır.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər