Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam üçün yeni dövr başlayır

23 noyabr 2020 | 16:00

Prezident,  Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Noyabrın 20-də xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.
Prezident qeyd edib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. “Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.
Ölkə başçısı qeyd edib ki,” İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.”
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər