İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun İsmayıllı rayonunun yaranmasının 89 illiyi münasibəti ilə təbriki
İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır. Rayon 2074 kv.km ərazi ilə böyüklüyünə görə respublikada 5-ci yerdədir.
Müxtəlif xalqların yaşadığı multikultural bir rayon olan İsmayıllının 1-i şəhər (İsmayıllı), 2-si şəhər tipli qəsəbə (Lahıc, Basqal) 105-i isə kənd olmaqla, 108 yaşayış məntəqəsində 87 mindən çox əhali yaşayır. Rayonun Basqal qəsəbəsi öz kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi isə qədimliyi ilə seçilir və dünya misgərlik incilərindən sayılır.
Hər səfəri ilə rayonumuzun inkişafında yeni səhifə açan Prezident İlham Əliyev səfərlərinin birində demişdir: “İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, Prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkşaf dövrünü yaşayır”
Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yerləşir. Buna görə böyük turizm potensialına malik rayonumuz son vaxtlar görülən işlər nəticəsində daha da inkişaf etmişdir.
İsmayıllı yarandığı gündən uğurla inkişaf etmiş və kənd təsərüffatı rayonuna çevrilməsinə baxmayaraq parallel olaraq digər sahələrdə də uğur qazanmışdır. Təsadüfi deyilki ölkəmizdə saxlanılmış kolxoz tipli təsərüffat İsmayıllının İvanovka kəndindədir. Rayonda sənaye sahəsinin inkişafı məqsədi ilə son illərdə ardıcıl tədbirlər həyata keçirilməsi nəticəsində sənaye məhsulları istehsalında artım müşahidə olunur. Bununla yanaşı rayonda geniş tikinti-quruculuq işləri də aparılır. Bu inkişafın nəticəsidir ki, İsmayıllı dövlət büdcəsindən dotasiya almır, özü-özünü maliyyələşdirir.
Rayonun inkişafına təsir edən amillərdən biri də onun təhsilidir. Təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı təhsili ölkənin ön sıralarındadır. Buna görədə təhsil İsmayıllının brendinə çevrilib.
Sentyabrın 27-də düşmən təcavüzünün qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks hücum əməliyyatına başlanıldı. 1-ci Qarabağ müharibəsində olduğu kimi bu dəfədə İsmayıllı gəncləri könüllü olaraq cəbhəyə yollandı. Vətən müharibəsi kimi tarixə düşən və Şanlı Qələbəmizlə yekunlaşan bu döyüşlərdə gənclərimiz xüsusi qəhrəmanlıq göstərdilər.
Əziz İsmayıllılar!
Qələbə sevinci yaşadığımız bu günlərdə doğma rayonumuz İsmayıllının yaranmasının 89-cu illiyi münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, daim bir olaq, rayonumuzun inkişafı üçün birlikdə çalışaq.