Vətən müharibəsi qazilərinin ailələri ilə görüşlər davam edir
İsmayıllıda torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan vətən övladları daim diqqətdə saxlanılır. Rayon rəhbərliyi onlarla mütamadi görüşür, onların qayğıları ilə maraqlanır. RİH başçısı Vətən müharibəsinin qazilərini növbəti dəfə evlərində ziyarət edib.
Pandemiya qaydalarına uyğun keçirilən görüşlərdə səmimi söhbət edən qazilərimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təsüratlarını bölüşüb, xatirələrini danışıblar. Qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Amma biz bunu Vətən Müharibəsi kimi tariximizə qızıl hərflərlə yazdıq. RİH başçısı da onları ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə təbrik edib, göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, bildirib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.
Qazilərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.