İsmayıllıda 30 min hektardan çox sahədə payızlıq taxıl əkilib
İsmayıllı rayonunda payızlıq taxıl əkini başa çatıb və gələn ilin məhsulu üçün 30074 hektar sahədə səpin aparılıb. Səpilmiş sahələrin 22255 hektarı buğda, 7564 hektarı arpa, 255 hektarı isə xəsil əkinləridir. Səpində yüksək reproduksiyalı, rayonlaşdırılmış, məhsuldar, yerli şərait üçün daha çox sərfəli olan “Bezostaya-1”, “Aran”, “Qrom”, “Tanya”, Qobustan, Qızılbuğda, Əzəmətli buğda sortlarından və “Qarabağ-22”, “Cəlilabad-19” arpa sortlarından istifadə olunub. Məhsulun bol olması üçün bütün aqrotexniqi qaydalara əməl olunub, şum altına mineral və üzvi gübrələr verilib.
2021-ci ilin məhsulu üçün rayonun iri taxılçılıq ərazilərindən olan Nikitin adına kolxozda gələn ilin məhsulu üçün nəzərdə tutulan 5000 ha sahədən 4200 hektarında (iş davam edir), Qubaxəlilli kəndində 4150, Hacıhətəmlidə 1610, Quşencədə 1500, Qalagahda 1450 hektar sahədə səpin aparılıb. Artıq rayonda əkin sahələrinin 90 faizində normal bitiş alınıb.
Rayonun taxılçı fermerləri dövlətimizin taxılçılığın inkişafına göstərdiyi qayğı ilə tam əhatə olunurlar. Onlar ən müasir kənd təsərrüfatı texnikalarından, innovativ metodlardan, qabaqcıl təcrübədən istifadə edirlər. Bunun nəticəsidir ki, rayonumuz dəmyə şəraitdə taxıl istehsal edən rayonlar içərisində qabaqcıl yeri tutur. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsi ilə qeydiyyatdan keçmiş 7900 istehsalçıdan 6000-i subsidiya üçün müraciət edib. Müraciətlərin dekabr ayının sonunadək başa çatdırılması nəzərdə tutulub.
Bundan əlavə 2021-ci ilin yazında rayonda 3130 ha sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulmuşdur. Bundan 950 ha kartof, 850 ha tərəvəz, 600 ha paxlalı bitkilər, 350 ha günəbaxan, 200 ha yem bitkiləri, 150 ha qarğıdalı, 30 ha tütün bitkisindən ibarətdir.
Qeyd edək ki, hesabat ilində 30628,5 hektar sahədən 106835 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektara 35 sentner təşkil edib.