YAP İsmayıllı rayon təşkilatı Vətən Müharibəsində şəhid olan qəhrəmanların ailələrini ziyarət edib
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsini daim uca tutur müntəzəm olaraq onların ailələrini ziyarət edirlər.
Bu münasibətlə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın sədr müavinləri və aparat əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mirzəliyev Aqil Mehman oğlunun, Həmzəyev Novruz Bəkir oğlunun və Dəmirov Vüsal Aydın oğlunun ailələrini ziyarət ediblər.
Görüşdə Rayon təşkilatının sədri Sevil Əhmədova şəhid ailələrinin qayğıları ilə maraqlanaraq bildirdi ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir. Onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar.
Möhtəşəm Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı, onların ailələrinin daim diqqətdə saxlanılacağı qeyd edildi. Vurğulandı ki, Azərbaycan xalqı qəhrəman övladlarının əziz xatirəsini heç zaman unutmayacaq.
Şəhidlərimizin valideyinləri Aynurə Mirzəliyeva, Bəkir Həmzəyev, Nüşabə Dəmirova böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər.
Bildirdilər ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızı azad etmiş, bütün şəhidlərimizin qisasını alaraq şəhid olmuşlar. Onlara daim göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!