Könüllü gənclər arasında dizayn layihəsinə yekun vurulub
İsmayıllıda “Region Könüllülərinin Dizayn Sammiti” layihəsinin yekun tədbiri keçirilib. Onlayn qaydada baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. İlk olaraq layihənin rəhbəri çıxış edərək bildirib ki, bu layihə olduqca önəmlidir, gənclər müxtəlif biliklərə yiyələnir. Qeyd edib ki, artıq bir neçə gənc bu sahədə sərbəst fəaliyyət göstərir.
Daha sonra isə layihənin donor təşkilatı, Azərbaycan Gənclər Fondunun əməkdaşı iştirakçıları layihədə görməkdən şad olduğunu bildirərək qeyd edib ki, Fond olaraq hər zaman gənclərin kreativ, məqsədyönümlü, inkişafa söykənən layihələri dəstəkləyirik. İştirakçıların da bu tip layihələri olduğu halda fonda müraciət etmələrini diqqətə çatdırıb.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı rayon rəbərinin salamlarını iştirakçılara çatdırmaqla yanaşı bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi vacib amildir. Rayon İcra Hakimiyyəti də bu işlərdə daim gənclərə öz dəstəyini göstərir.
Məlumat üçün bildiririk ki, layihə çərçivəsində İsmayıllı rayonunda sentyabrdan onlayn qaydada başlayan təlimlər yanvar ayının 28-i yekunlaşıb. Təlim Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır” gənclərin fərdi qrant müsabiqəsi əsasında keçirilib. Təlimin keçirilməsinin əsas məqsədi gənclərin dizayn sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlara düzgün istaqamət verilməsidir.
Layihə müddətində müxtəlif dizayn proqramları (Photoshop, illustrator, Premier və s) ilə bağlı praktiki təlimlər keçirilib. Sonda layihənin təlim və praktiki mərhələsini uğurla yekunlaşdıran iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikat və dəyərli hədiyyələr təqdim olunub.