12 noyabr – Konstitusiya Günü
YAP İsmayıllı rayon partiya təşkilatı və Rayon Təhsil Şöbəsi ilk partiya təşkilatı ilə birgə 12 noyabr – Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirildi. Tədbiri YAP İsmayıllı Rayon Təşkilatının sədri Əzizə Vahabova acaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik etdi. O, çıxışında qeyd etdi ki, Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 13 ildir ki, Azərbaycan xalqı noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.
Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxır. Bunun üçün prezident ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılır və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılır.
1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
2002-2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqların Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.
Tədbirdə RTŞ-nin müdiri Rasim Orucov, tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov, TİAHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, şöbənin kadr məsələləri üzrə rəhbəri İsa Səlimov, RTŞ-nin müdir müavini Rahim Baxışov Azərbaycan Konstitusiyası ilə bağlı fikirlərini açıqlamış, ölkənin əsas qanununun digər ölkələrin müvafiq qanunu ilə müqayisəli təhlilini aparmış, onun üstünlükləri barədə danışmışlar.