Valideynlərin və uşaqların hüquq və vəzifələri.
Tədbir Aşıqbayram kənd tam orta məktəbində müəllimlərin və şagirdlərin, RİH-nin Hüquq Şöbəsinin məsləhətçisi Anar Rəsulovun, RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Göyçək Rəhimovanın və ərazi icra nümayəndəsi Nazim Həmidovun iştirakı ilə keçirildi. Anar Rəsulov çıxış edərək bildirdi ki, hər bir sivil cəmiyyətin gələcək inkişafının sosial bazasını yetkinlik yaşına çatmayan şəxslər təşkil edir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan hüquqlqrının ayrılmaz bir hissəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və onları tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
Göyçək Rəhimova çıxış edərək bildirdi ki, uşaqlar vəzifələrini də bilməlidirlər. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, faydalı işlərlə məşğul olmaq hər bir uşağın borcudur. Sonda şagirdlərin maraqlı təklifləri dinlənildi və onları maraqlandıran suallara ətraflı cavablar verildi.