Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin yeni doğulmuş övladı İsmayıllıda qarşılanıb

16 mart 2021 | 16:00

Martın 3-də İsmayıllı rayonundan olan, Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ramil Musayevin oğlu dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə övladına verilib.

Bu gün körpə İsmayıllıda qarşılanıb. Şəhidin yadigarı rayonun icra hakimiyyəti, uşaq və ailələrə dəstək mərkəzinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, həmçinin şəhidin ailə üzvləri və qohumları qarşılayıb. Öncə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Sonra balaca Ramil yeni tikilmiş evinə gətirilib. Onun şərəfinə qurbanlar kəsilib.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub.  Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib. Ötən il oktyabrın 3-də Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə R.Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Fizulinin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayır. Şəhidlərimiz ehtiramla yad edilir, ailələrinə mütəmadi baş çəkilir, mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Bütün şəhid övladları kimi yeni doğulan Ramil də daim qayğı ilə əhatə ediləcək. Onun müstəqil, azad, bütöv Azərbaycanda xoşbəxt və firavan böyüməsi üçün dövlət səviyyəsində bütün tədbirlər görüləcək.

Keçidlər