İsmayıllıda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Eldar İbrahimov və Novruzəli Aslanov da iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon rəhbərliyi tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.
Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Valeh Salehov İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Konfransda Millət vəkili Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Novruz Aslanov tədbirdə çıxış edərək bildirib ki, şanlı qələbənin qazanılmasında rayonumuzdan, olan neçə-neçə oğullarımız cəngavərlikləri ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsinə öz adlarını yazdılar. Bu qələbənin qazanılmasında siz ağsaqqallarında rolu danılmazdır. Rayonun milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayan Millət vəkili həmçinin şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun Ağsaqqallar Şurasının sədr müavini seçilməsi münasibətilə təbrik edib, bir şəhid atası kimi hər kəs üçün qürur mənbəyi olduğunu qeyd edib. O, bildirib ki, həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verən, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edən Ulu öndər Respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğı indi cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Qeyd edib ki, rayona rəhbər təyin olunduğum gündən mən ilk görüşümü rayonun ağasaqqalları ilə keçirmişəm və onların xeyir duasını almışam. İsmayıllı ağsaqqallarının istər vətən müharibəsində, istərsədə pandemiya dövründə hər zaman rayonun əhalisinə mənəvi dəstəkləri barədə rayonun rəhbəri xüsusi vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Rayonun Ağsaqqalları adından ölkə rəhbəri İlham Əliyevə müraciət oxunub və yekdilliklə qəbul olunub.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.