İsmayıllının 12 sakini yeni şəbəkə mağazasında işlə təmin olunub
Bu gün İsmayıllıda M.F.Axundov 14 ünvanında yerli brend olan “Univermaq №1” mağazalar şəbəkəsinin sayca 9-cu mağazasının rəsmi açılışı olub. Mağazanın ilk müştəriləri Vətən Müharibəsi şəhidlərinin övladları olub. Rəmzi açılışı bildirən qırmızı lenti və açılış mərasimi üçün hazırlanan tortu da şəhidin övladları kəsib. Sonra tədbir iştirakçıları pandemiya qaydalarına əməl edərək mağazada yaradılan şəraitlə və satış malları ilə tanış olublar. Şəhid övladlarına geyimlər mağaza rəhbərliyi tərəfindən hədiyyə olunub.
Sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilir, bu istiqamətdə əhəmiyyətli addımlar atılır. İsmayıllıda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Rayonda istər kiçik, istər orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Dövlətin qayğısından faydalanan yeni müəssisələrin, sahibkarlıq obyektlərin açılması və fəaliyyət göstərməsi bunu bir daha sübut edir.
“Univermaq №1” geyim mağazasının rəhbərliyi dövlətə minnətdarlıq edərək bildirib ki, İsmayıllı rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğısı sahibkarlara böyük stimul verir, yeni mağaza, dükan və istehsal obyektləri açmağa sövq edir.
Mağazada 12 nəfər İsmayıllı sakini işlə təmin olunub. Onlardan 2 nəfəri şəhid ailəsinin üzvləridir.