Xeyirxah insanlar unudulmur
İsmayıllıda Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub. Bu məqsədlə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Zərifə xanımın həyatına həsr olunmuş sərgi təşkil olunub. Ziyarətçilər gün ərzində sərgiyə baxış keçirərək xatirəsini yad ediblər. Həmçinin Zərifə xanıma həsr olunmuş mahnı və şeirlər səsləndirilib. Bundan əlavə rayonun idarə və təşkilatlarında da Zərifə xanımın xatirəsi ehtiramla yad olunub.
Bütün tədbirlər pandemiya qaydalarına uyğun olaraq keçirilib.
Məlumat üçün bildiririk ki, bu gün 62 il ömür sürən bənzərsiz, işıqlı bir həyat yaşayan Zərifə xanım Əliyevanın doğum günüdür. Yaşadığı ömür yolu parlaq və zəngin olan Zərifə xanım Azərbaycan tibb tarixində silinməz iz qoyub. Hər kəs onu, yüksək intelektli, dərin bilikli, xeyirxah insan, bir sözlə nəcib Azərbaycan qadını kimi xatırlayır. Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirirən Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
O, həyatını Azərbaycanın parlaq gələcəyi naminə daim mübarizələrdə keçirən Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, çətin günlərdə ona arxa-dayaq olub. Eyni zamanda, övladlarını vətəninə layiqli böyük şəxsiyyət kimi yetişdirib.
Həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elminə, oftalmologiyanın inkişafına əhəmiyyətli dərəcədə töhfələr verib. O, həmçinin tibb sahəsində yüksək ixtisaslı kadrlar yetişdirməklə özündən sonrada zəngin irs qoyub.