İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub
44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olan Babayev Kamal Eynulla oğlunun bu gün cənnətdəki ilk ad günü qeyd olunub. Şəhidin doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı yanında anılıb. Mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib.
Anım mərasimində Rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Yaşasaydı, Kamalın 30 yaşı olacaqdı.
Çıxış edənlər K.Babayevin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Qeyd olunub ki, o, 27 may 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmiş, ardınca orta təhsilini İsmayıllı rayonun 1 saylı tam orta məktəbində davam etdirmişdir. 2008-ci ildə 11 illik təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssisəsində sürücü ixtisasına yiyələnib․Kamal Babayev 2009-cu il iyul ayında həqiqi hərbi xidmətə yollanıb․ “N” saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib․ 2011-ci ilin yanvar ayında hərbi xidmətini başa vurmuşdur․ Babayev Kamal 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Kamal Babayev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Kamal Babayev 16 noyabr tarixində yaşadığı Xanagah kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışılıb, Kamalın və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyublar.
Şəhid Kamalın valideyinləri övladı ilə fəxr etdiyini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.