Meşə sərvətlərindən səmərəli istifadə olunması mühüm məsələlərdəndir
İsmayıllı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aidiyyəti qurumların, ərazi icra nüməyəndələri və bələdiyyələrin, qeyri-hökümət təşkilatları və ictimayyət nümayəndələrinin, kənd ağsaqqalarının iştirakı ilə geniş tədbir keçirilib.
Tədbirdə meşə sərvətlərinin etibarlı mühafizəsinin təmin olunması, artırılması, həmçinin odun tədarük olunacaq sahələrin müəyyən edilməsi və səmərəli istifadəsi ilə əlaqədar ətraflı müzakirə aparılıb.
Bildirilib ki, İsmayıllı rayonu ərazisi meşə sərvətləri ilə zəngindir, lakin həmin sərvətlərdən qanunauyğun istifadə olunması, meşə ərazilərində oduncaq və odun tədarükü ilə əlaqdar kənar müdaxilələrin qarşısının alınması, kömür möhtəkirliyi ilə məşğul olan şəxslərin meşələrə müdaxiləsinin tamamilə məhdudlaşdırılması, həmçinin meşə ərazilərinin artırılması, yeni meşə massivlərinin salınması qarşıda duran mühüm vəzifələrdəndir. Tədbirdə iştirak edən bütün iştirakçıların öz səlahiyyətləri və bacarıqları çərçivəsində yuxarıda qeyd olunan məsələrin həyata keçirilməsi üçün geniş maarifləndirmə tədbirləri aparmalı olduqları qeyd olunub.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov tədbirdə iştirak edib.