Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçirilmişdir
İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı bu gün baş tutub. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar. Açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, İsmayıllıda bu cür möhtəşəm tədbirin keçirilməsinə hər kəs sevinir. prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. Heydər Əliyev Fondunun və Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verdiyini deyib. Respublika Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bədii gimnastika son illərdə ölkəmizdə sürətlə inkişaf edərək, böyük uğurlar qazanıb. İ.İsmayılov diqqətə çatdırıb ki, indi nəinki paytaxtda, bölgələrdə də istedadlı idmançılar yetişir. Dövlət himni səsləndirildikdən sonra, mübarizə başlayıb. Əsas rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedib. Qeyd edək ki, çempionatda Respublika Kompleksi İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi" İSM, Bakı Gimnastika Məktəbi, "Spartak" və "Sərhədçi" klublarının təmsilçiləri də çıxış ediblər. Yarışın sonunda hər bir iştirakçıya Basqal kəlağayısı hədiyyə olunub, qaliblərə isə İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən notebook verilmişdir.