Ana təbiətə qayğı və sevgi göstərməliyik
Yaşadığımız rayon, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik.
Əslində yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.
Azərbaycanın mirvarisi – İsmayıllı
Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Alimlər meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: «Yaşıl ciyər». Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri - Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur. İsti aylarda əkin,otlaq,meşə və s.yerlərdə yanğınlar daha çox olduğundan hər bir kəs məsuliyyətli olmalıdır.
Azərbaycanın digər bölgələri kimi İsmayıllı rayonu da zəngin bitki örtüyü və sıx meşələri ilə daima turistlərin marağında olmuşdur. Xüsusilə də yay mövsümündə turist axını ilə əlaqədar rayonun təbiətin qorumaq vacib bir məsələyə çevrilir. Təbiət qoynunda hər bir istirahət məkanında buranın təbiətinin qorunması, ətrafa zibil atmamaq, ekoloji tərbiyəvi mövzularda maarifləndirici lövhələr qoyulur. Özunə xidmət yerlərində ətrafın çirkləndirilməsi, zibillənmə daha çox olduğundan gələn qonaqların da məsuliyyətli olması vacibdir. Bundan başqa da əvvəllər rayonun kəndlərində qaz olmadığından əhali meşə sahəsinə daha çox ziyan vururdu. Bu da təbiətə öz mənfi təsirini göstərirdi. Hazırda isə rayonun demək olar böyük hissəsi qazlaşdırılmışdır və meşələrin qorunmasına ciddi nəzarət olduğundan təbiət özünü getdikcə bərpa edir. Həmçinin istər rayonda, istərsə də rayondan kənar yerlərdə tez-tez ağacəkmə kompaniyaları keçirilir və bu da nəticədə rayonun meşə sahəsinin və oksigen bazasının artmasına gətirib çixaracaq.
Dünya bizim evimizdir - evimizi təmiz saxlayaq
Biz bilməliyik ki, təbiəti qorumaq öz sağlamlığımızı qorumağımız deməkdir. Turistlər getdikləri yerlərdə yandırılan ocaqların tam sönməsinə əmin olmalı, siqareti hara gəldi atmamalı və digər təhlükəsizlik qaydalarına riayət etməlidir. Bununla bərabər təbiətin flora və fauna aləmini də qorumalı, təbiətə qayğı göstərməli, qanunsuz ov etməməli yalnız icazə əsasında ov etməli, təbiətdə olan çay, göl kimi şirin su ehtiyyatların çirkləndirməməli, daima təmiz saxlamalıyıq. Təbiəti qorumaq hər birmizin borcudur. Bu işə laqeyd yanaşsaq illər sonra təbiətdə bunun ciddi fəsadlarını görəcəyik. Belə ki, təbiətin məhv olması həmin yerdə selin, daşqınların, güclü küləklərin baş verməsinə və ən əsası oksigen ehtiyatının azalmasına gətirib çıxaracaq. Bu isə canlı orqanizimin, bəşəriyyətin məhv olması ilə nəticələnə bilər. Gəlin təbiətimizi, evimizi birlikdə qoruyaq və daha da gözəlləşdirək! Bu işdə hər birimiz bir təbiətsevər olmaqla könüllü xidmətlər göstərməliyik.