İsmayıllının nümayəndə heyəti Yaponiyanın İto şəhərində səfərdədir.
İsmayıllıda Yaponiya səfirliyinin timsalında həmin ölkənin maliyyə dəstəyi ilə bir sıra sosial layihələr həyata keçirilmişdir. Ruşan və Buynuz kəndlərində məktəb , qalacıqda ambulatoriya, Quşencə və şəhərin Mican məhəlləsində uşaq bağçası, Lahıc qəsəbəsində su anbarı, məişət tullantılarının idarə olunması poliqonu tikilmiş, bir neçə yerdə içməli su təminatı üçün artezian quyuları qazılmışdır. Lahıc qəsəbəsində kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi həyata keçirilmişdir. Heydər Əliyev parkında “Kosiqi” korporasiyası tərəfindən tikilmiş “Yapon bağı” Yaponiya-İsmayıllı dostluq əlaqələrinin formalaşmasında xüsusi yeri vardır.
İsmayıllı Yaponiyanın Şizioka prefekturasına daxil olan İto şəhəri ilə dostluq əlaqələri yaratmışdır. Bu şəhərin 70 min nəfər əhalisi var. Təbii müalicəvi sularından yararlanmaq üçün buraya ildə 6 milyondan çox turist gəlir.
2012-ci il oktyabr ayının 27-də səfir Şusuke Vatanabenin rəhbərliyi ilə İto şəhərinin nümayəndə heyəti İsmayıllıya səfər etmişdir.
Şəhər 1 saylı tam orta məktəbin şagirdləri İto məktəblilərinə məktub yazmışdılar .6 sentyabr 2013-cü il tarixdə səfir Şusuke Vatanabe İsmayıllıya gəlmiş, məktublara cavabları və yeni məktubları ünvanına təqdim etmişdir.
Tanışlıq üçün yazılan yeni məktublara şagirdlərin şəkilləri, məktəbin yerləşdiyi ərazinin xəritəsi əlavə olunmuşdur. Məktəblərimiz arasındakı dostluq əlaqələri daha geniş miqyas alır.
“Kosiqi” korporasiyasının eyni adlı jurnalında nümayəndə heyətimizin səfərindən daha əvvəl İsmayıllı rayonunun təbiəti haqqında geniş məlumat və fotolar dərc edilmişdir.
20 noyabr 2013-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə İsmayıllının nümayəndə heyəti Yaponiyanın İto şəhərinə səfər etmişdir.
Noyabr ayının 22-də İsmayıllı ilə İto şəhərləri arasında dostluq mübadiləsi haqqında müqavilə imzalanmışdır.
Bu münasibətlə İto şəhər meriyasında təntənəli mərasim keçirilmişdir. Mərasimdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, İto şəhərinin meri Hiromi Tsukuda, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İmzalanma mərasimində Hiromi Tsukuda və Mirdaməd Sadıqov çıxış etmişlər.
Mərasimdə İto və İsmayıllı şəhərinin qardaşlaşmasının Azərbaycan ilə Yaponiya arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik bildirilmişdir. Sonra qarşılıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Həmin gün İsmayıllının nümayəndə heyəti ilə İto şəhərinin Turizm Assosiasiyasında görüş keçirilmişdir.
“Skudome” ticarət mərkəzi ilə tanışlıq zamanı şəhər sakinləri əllərində Azərbaycanın dövlət bayrağını tutaraq qonaqları salamlamışlar.
Sonra Azərbaycan nümayəndə heyəti İto şəhər Cənub orta məktəbinə gəlmişdir. Bu məktəbin şagirdləri artıq bir neçə ildir ki, İsmayıllı şəhərinin bir saylı məktəbinin şagirdləri ilə məktublaşaraq sıx dostluq əlaqəsi qurmuşlar. Qonaqlar Azərbaycan məktəblilərinin məktublarından və fotolarından ibarət stendlə tanış olmuşlar. Məktəbin direktoru Ookava Yukio bildirmişdir ki, hazırda burada 680 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğuldur. Qonaqlar Azərbaycan məktəbliləri ilə məktublaşan şagirdlərdən bir qrupu ilə görüşərək onların məktublarını, Yaponiya haqqında məktəbdə keçirilmiş xüsusi dərsin şəkillərini təqdim etmişlər. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov məktəb şagirdləri arasında qarşılıqlı səfərlərin təşkili, azərbaycanlıların İto məktəblilərinin evində və yapon məktəblilərinin İsmayıllı rayonuna gələrək Azərbaycan ailələrində yaşamasının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərəcəyini bildirmiş, onları ölkəmizə dəvət etmişdir.