Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda toy və şənlik mərasimlərində reydlər keçirilib

10 iyul 2021 | 16:00

Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 saylı qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilmiş və 2021-ci il 1 iyul tarixindən şənlik mərasimlərinin keçirilməsinə icazə verilmişdir. Bununla əlaqədar şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) tələblərə uyğun təşkil edilməsinə və keçirilməsinə nəzarəti həyata keçirmək üçün Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2021-ci il tarixli 94 nömrəli sərəncamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Polis Şöbəsinin əməkdaşları və mobil qrupların iştirakı ilə 09 iyul tarixində rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında reydlər keçirilib, vaksinasiya olunmaq barədə pasportlar yoxlanılıb  və maarifləndirmə işləri aparılıb. Qeyd edək ki, bununla yanaşı eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin və 10 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən də mütəmadi reydlər keçirilir.

Görülən tədbirlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi sakinlər tərəfindən böyük  razılıq və minnətdarlıqla qarşılanır.

Qeyd edirik ki, İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvləri tərəfindən şadlıq saraylarında, eləcə də həyətlərdə keçirilən toy və digər şənlik mərasimlərində reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki  yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Bir daha vətəndaşlarımıza bildirmək istəyirik ki, bir ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

Keçidlər