Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk doğum günü qeyd olunub

19 iyul 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Lətifli Orxan Xancan oğlunun  bu gün cənnətdəki ilk ad günü qeyd olunub. Şəhidin doğum günü kənd qəbiristanlığındaki məzarı  başında qeyd olunub. Mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Anım mərasimində Rayon icra hakimiyyətinin başçısının I müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Yaşasaydı Orxanın 25 yaşı olacaqdı.

Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyublar. Mərasimdə Diyallı kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr etdikləri şeirləri səsləndiriblər. Şəhid Orxanın anası və digər yaxınları Orxan ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Şəhid Lətifli Orxan Xancan oğlu 1996-cı il iyulun 19-u İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.  2002-ci ildə Diyallı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2013-cü ildə həmin məktəbin məzunu olub. Elə həmin il İsmayıllı Humanitar və Texnologiya kollecinin "Kompüter mühəndisliyi" ixtisasına qəbul olub. 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və 2016-cı ilin yanvar ayında hərbi xidmətini başa vurub, ordu sıralarından təxris olunmuşdur. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından dərhal sonra könüllü olaraq orduda xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. İşğal altında olan bir neçə rayonun düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 7-si Xocəvənd-Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Noyabrın 11-də Diyallı kənd qəbristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2020-ci il tarixli Sərəncamına əsasən isə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Keçidlər