Tarixi abidələrimizi tanıyaq
İsmayıllı rayonu tarixi abidələr baxımından zəngindir. Rayon ərazisində Cavanşir, Girdiman, Qız qalası kimi müxtəlif tarixi abidələr var. Bunların tanıdılması baxımından görülən işlər də təqdirəlayiqdir. Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi Respublika Gənclərinin Təlimlər Həftəsinə start verib. Layihə Bərdə, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Qəbələ, Quba, Qusar, Salyan, Şəki, Xaçmaz rayonlarını və Sumqayıt şəhərini əhatə edir. Layihə çərçivəsində artıq İsmayıllı gəncləri ilə noyabr ayının 23-də görüş keçirilib. Görüşdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova layihənin İsmayıllı gənclərinə verəcəyi töhvədən danışıb. Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin təsisçisi Əli Hümbətov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi ölkə gənclərinin maarifləndirilməsi, paytaxt və region gəncləri arasında əməkdaşlıq yaradılmasını təmin etməkdir. Rayon gəncləri layihədə iştirak etməkdə böyük maraq göstərirlər. Layihəni tarixi abidələrimizi tanıtmaq baxımından səmərəli hesb edirlər. Gənc yazar Firuzə Çiçək bildirmişdir ki, İsmayıllı abidələrini təbliğ etməyə böyük ehtiyac var. Bu baxımdan layihənin əhəmiyyəti böyükdür. Layihə çərçivəsində 12 rayondan seçiləcək 12 gəncin yaşadıqları ərazilərdəki tarixi abidələri təqdimatı üçün videolar çəkəcəklər. Bu videolar vasitəsilə 18 nəfər paytaxt gənci tarixi abidələrlə tanış olacaqlar. 12 gəncə isə təlimlərin keçirilməsi nəzərdə tutulub.