Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin cənnətdəki ilk doğum günü İsmayıllı rayonu İvanovka kəndində qeyd olunub

27 avqust 2021 | 16:00

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirinov Etibar Fazil oğlunun doğum günü İvanovka kənd qəbiristanlığında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Hərbi orkestrin müşaiyəti ilə şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb ruhuna dualar oxunub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Yaşasaydı bu gün Etibar Şirinovun 28 yaşı olacaqdı.

Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Ordusu öz xilaskar missiyasını, vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. RİH başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, şəhid valideyinlərinə Allahdan səbr, qazilərimizə şəfa diləyib. Daha sonra rayon rəhbəri və Abdulla Qurbanı şəhidin valideynlərinə onun "Cəbrayılın azad olunmasına görə" , "Zəngilanın  azad olunmasına görə" medallarını təqdim ediblər.

Tədbirdə çıxış edənlər şəhid Etibar Şirinovun keçdiyi şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən bəhs ediblər.
İvanovka kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Fazil Şirinov da Birinci Qarabağ müharibəsinin qazisidir. Etibar Vətən Müharibəsi başlayanda könüllü olaraq Ordu sıralarına yazılır. Zəngilan ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Etibar Şirinov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın  azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

 

Keçidlər