İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən müharibəsində həlak olmuş şəhid sərhədçi kiçik gizir Əşrəf Məmmədlinin doğum gününü dəfn olunduğu Maçaxı kənd qəbirstanlığında məzarı önündə qeyd olunub .
Sentyabrın 15-də Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin və RGİİ-nin əməkdaşları, DSX-nin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, gül çələngi qoyublar.
Çıxış edənlər Əşrəf Məmmədlinin sərhədçi-zabit andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini, Cəbrayıl rayonu istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadət zirvəsinə ucaldığını vurğulayıblar.
Rayonun rəhbəri Vətən müharibəsində həlak olmuş şəhidlərimizin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağını vurğulayıb.
Sərhədçi şəhid Əşrəf Məmmədlinin döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildiyi qeyd olunub.
Kiçik gizir Əşrəf Məmmədlinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.
Daha sonra Musa Piriyev adına Tircan kənd tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər. Məlumat üçün bildiririk ki, yaşasaydı bu gün Əşrəfin 22 yaşı olacaqdı. Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində təhsil alıb. 2014-2017-ci illərdə isə Abşeron Ceyranbatan Peşə Liseyində "təmirçi-çilingər" ixtisası üzrə təhsil alıb. O, 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.