İsmayıllıda təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 15-də İsmayıllı Regional Mədəniyyət Mərkəzində İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun əməkdaşı Ülkər Babayeva sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə qızılgüllər düzülüb. Ziyarətçilər oradan rayonun Şəhidlər xiyabanına gedərək torpaqlarımızın düşmən tapdağından azad olması uğrunda canını fəda etmiş şəhidlərin o cümlədən, tarix müəllimi, Famil Əhmədzadənin əziz xatirəsini yad ediblər.
Konfransın açılışında iştirakçılar əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anılıb və Dövlət himninin səsləndirilməsi ilə tədbir öz işinə başlayıb.
Təhsil nazirliyinin nümayəndəsi Vəfa Yaqublunun bölgələrin ötən tədris ili üzrə fəaliyyəti barədə, Təhsil İnstitutunun əməkdaşı Ülkər Babyevanın əlavə təhsil və ixtisasartırma kurslarının təşkili barədə çıxışları dinlənilib. Daha sonra Vətən müharibəsi iştirakçısı Elşad Kazımov və gənc müəllim Nuranə Nəzirli çıxış ediblər. İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarının təhsil sahəsində qazandıqları uğurlardan danışılıb, slaydlar təqdim olunub. Ölkəmizin bütün sferalarda bugünkü misligörünməmiş yüksəlişi, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə, təhsilə göstərilən dövlət qayğısı doğma Azərbaycanımızın işıqlı gələcəyinin qarantı olduğu qeyd olunub. Konfrans öz işini sual-cavab əsasında davam etdirib.
Sonda konfransın işi ilə bağlı Qətnamə qəbul olunub. İştirakçılar adından Prezident cənab İlham Əliyevə ünvanlandırılan müraciət səsləndirilib və xatirə şəkilləri çəkilib.