Şriftin ölçüsü :

Saytın rəngi :

Takano Makino: İsmayıllı ilə imzalanmış saziş Yaponiya şəhərlərinin Cənubi Qafqaz regionu ilə dostluq haqqında bağladığı ilk sənəd kimi çox qiymətlidir

28 noyabr 2013 | 16:00

Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq mübadiləsi haqqında sazişin imzalanması tədbirlərində iştirak etmək üçün gündoğar ölkəyə gəlmiş Azərbaycan nümayəndə heyəti noyabrın 25-də Yaponiya xarici işlər nazirinin parlamentdə təmsil olunan müavini Takano Makino ilə görüşmüşdür.
Azərbaycanlı qonaqları Tokioda salamlamaqdan məmnun olduğunu vurğulayan nazir müavini bu əməkdaşlıq çərçivəsinin Cənubi Qafqaz regionu ölkələri ilə Yaponiya arasında tarixdə ilk olduğunu bildirmiş və onun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bu sazişin bağlanmasından məmnunluğunu ifadə edən T.Makino onun ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfəsini qeyd etmişdir. Bildirmişdir ki, artıq dostluq mübadiləsi çərçivəsində bu iki şəhərin məktəbliləri arasında rəsm və məktub mübadiləsi başlanmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycanın son illərdəki nailiyyətləri barədə danışmış, bu uğurların qazanılmasında ölkədəki ictimai-siyasi sabitliyin mühüm rol oynadığını qeyd etmişdir. Bildirmişdir ki, son illər əldə edilən uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin böyük nüfuz qazanmasına səbəb olmuş və o son seçkilərdə böyük üstünlüklə rəqiblərinə qalib gələrək yenidən dövlət başçısı seçilmişdir. Prezident İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyi və bunu diqqət mərkəzində saxladığı vurğulanmışdır.
İki dost ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyini qeyd edən T.Makino Yaponiya müdafiə naziri müavininin cari ilin avqustunda Bakıya səfərinin xoş təəssüratlarını Azərbaycan tərəfinə çatdırmışdır. Azərbaycanın sürətli inkişafının Yaponiyada maraqla izlənildiyini vurğulayan nazir müavini özünün də tezliklə ölkəmizi ziyarət etmək istədiyini bildirmişdir. Qeyd etmişdir ki, İto və İsmayıllı şəhərləri arasında biznes, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq insanlar arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar yaradacaqdır.
M.Sadıqov qeyd edilən sahələrdə Yaponiya təcrübəsinin Azərbaycan üçün çox maraqlı olduğunu və bu istiqamətdə mübadilənin hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələsində xüsusi rolunu vurğulayan T.Makino bu sahədə ölkəmizin Yaponiya şirkətləri ilə əməkdaşlığının yüksək qiymətləndirildiyini bildirmiş, eyni zamanda, iki ölkə arasında qeyri-neft və informasiya texnologiyaları sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd etmişdir.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Keçidlər