Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

23 sentyabr 2021 | 16:00

Bu gün Vətən müharibəsində tarix yazan tarix müəllimi Əhmədzadə Familin doğum günüdür. Doğum günü Şəhidlər xiyabanında, məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslanov, RİH-nin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin və RGİİ-nin, Uşaq və Ailəllərə Dəstək Mərkəzinin əməkdaşları, döyüş yoldaşları, həmçinin şəhid ailələri tərəfindən onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon rəhbəri Nahid Bağırov Vətən müharibəsində qazanılan qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıb. O, bildirib ki, 30 illik vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaq. Həmçinin qeyd edib ki, xalqın çətin günündə qələmini silaha dəyişən Famil müəllim xalqını sevən, dövlətinə sədaqətli, vətənpərvər, cəsur bir döyüşçü olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Novruz Aslanov, şəhid Famil Əhmədzadə ilə bağlı xatirələrini bölüşüb, onun 44 günlük Zəfər yürüşündə göstərdiyi şücaətdən söz açıb. Qeyd edib ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ilk ad gününü qeyd edən Famil kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq. Şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcu olduğunu Millət vəkili vurğulayıb.

Çıxış edənlər Famil Əhmədzadənin şərəfli  və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin dəfn olunduqları yerlər and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər

Şəhid atası Ağaəhməd Əhmədov çıxışında bildirib ki, Famil hər zaman şagirdlərinə Vətən torpaqlarının düşmənin əlində olmasından narahatlığını bildirər, onlara vətənpərvərlik hissini hər zaman aşılayardı. Onun ən böyük arzusu torpaqlarımızı azad görmək idi. 2020-ci ilin 27 sentyabrında ermənilər tərəfindən törədilən təxribata qarşı başlayan ordumuzun əks hücumunda Famil könüllü olaraq ordu sıralarına yazıldı. O, şagirdlərinə son tapşırıqlarını verərək  hərbi xidmətə yollandı və vətən uğrunda döyüş tapşırığını yerinə yetirərək ən uca məqama - şəhidlik zirvəsinə ucaldı.

Ağaəhməd Əhmədov şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri şəhidə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.

Mərasim şəhidin yaşadığı evdə davam edib. Şəhid Famil Əhmədzadənin adını daşıdığı küçədə onun barelyefinin önünə RİH başçısı Nahid Bağırov və Millət vəkili Novruz Aslanov gül dəstələri qoyaraq yaşadığı evdə şəhidin xatirəsinə həsr olunmuş guşə ilə yaxından tanış olublar.

Məlumat üçün bildiririk ki, Rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə Famil Əhmədzadənin yaşadığı küçəyə onun adı verilib.

Yaşasaydı bu gün Famil Əhmədzadənin 46 yaşı olacaqdı. O, 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub.  İbtidai təhsilə 1982-ci ildə  Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə başlamışdır. Məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun nəticəsidir ki, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir. Elə həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitununa qəbul olmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi verilmişdir. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. Döyüşlərdə motoatıcı taqım komandiri, taborun (BTR-82A) mexanikləşdirilmiş taqımın komandiri vəzifələrində iştirak edib. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin alınmasında böyük şücaət göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub.  Rayonun Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək ki, Famil Əhmədzadə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Keçidlər