Sakinlərin problemlərinə diqqət
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Mücühəftəran və Uştalqışlaq kəndlərində səyyar görüş-qəbul keçirib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət strukturlarının əməkdaşları da iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səyyar qəbulda ölkə ərazisində gedən sürətli və dinamik inkişafdan danışıb. Bütün bunların Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasətin nəticəsi olduğunu deyib. Bildirib ki, Respublikanın hər yerində olduğu kimi İsmayıllı rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb. İcra başçısı əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, son dövrlər qazlaşdırılma sahəsində görülən işlər barədə də məlumat verib.
Gənclərin işsizlik probleminin aradan qaldırılmasına ehtiyacın olduğunu deyən Mirdaməd müəllim, onların həlli istiqamətində müvafiq işlərin görüləcəyini də nəzərə çatdırıb.
Sakinlər əsas problemləri kimi tibb məntəqəsinin və mavi yanacağın olmamağını deyiblər. Eyni zamanda elektrik dirəklərində yaranan problemlərin aradan qaldırılmasına, transformatorun alınmasına, yolun asfaltlanmasına ehtiyac olduğunu söyləyiblər.
Sonda İcra başçısı problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.