Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 27 sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirilib- VİDEO

27 sentyabr 2021 | 16:00

İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz  xatirəsinə həsr edilmiş tədbir keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə hüquq-mühafizə orqanları,şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və  ictimaiyyətin nümayəndələri iştirak edib.

Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən mərasimdə Dövlət himni səsləndirilib.
Daha sonra Anım günü ilə əlaqədar Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti dinlənilib.

Şəhidlər Xiyabanında davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən  44 günə kapitulyasiya edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan bu müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə, iqtidarından müxalifətinə birləşən  Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "dəmir yumruq" əməliyyatı adlandırılır. Rayon İcra hakimiyyətinin başçısı qələbə yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hüznlə yad edərək, sağlamlığını itirən qazilərə şəfa diləyib.

Rayon İcra hakimiyyətinin başçısı bu Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bildirmiş, şəhidlərimizi dərin hüznlə yad edərək, qazilərimizə Allahdan şəfa diləyib.

Şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva şəhid anaları adından çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Kənan Kərimli müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən  bəhs edib.

Təqaüddə olan polkovnik-leytinant Eynulla Bağırov ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, ikinci Qarabağ döyüşlərində qəhrəmanlarımızın  göstərdiyi şücaətdən bəhs edib.

Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzi Meydanda ədəbi-bədii kompozisiya təqdim olunub. Anım gününə həsr olunmuş  foto və rəsm sərgiləri nümayiş etdirilib.

Məlumat üçün bildiririk ki  anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib.
27 sentyabr - Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 500-dən çox Eldar şamı tingi əkilib.

Ekoloji aksiya çərçivəsində ağaclar Şəhidlər xiyabanı və “Zəfər” parkında  əkilib.

 

Keçidlər