Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıda olub
1 oktyabr 2021-ci ildə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çüniçi İsmayıllı rayonuna səfər edib. Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səfirə İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, İsmayıllıda turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur. Rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verilib.
Səfir Vada Çüniçi göstərilən xoş münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, gəlişinin əsas məqsədi İsmayıllı rayonu ilə dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Həmçinin səfir Yaponiyada xarici işçi qüvvəsini qəbul etmək üçün 2019-cu ildən etibarən yeni “Xüsusi bacarıq” sisteminin fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, bu müəyyən dərəcədə təcrübə və bacarıqlara sahib olan və ciddi işçi qüvvəsi çatışmazlığı şəraitində dərhal işə başlaya biləcək xarici vətəndaşları qəbul etmək üçün yaradılmış yeni bir sistemdir. Müəyyən yapon dili bacarığı olan İsmayıllı sakinlərinin də bu layihədə iştirak edə biləcəyini bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra sakura ağacları əkiləcək ərazilərə baxış keçirilib.
Xatırladaq ki, Sakura ağacı Yapon ruhunun nəcib xarakteri kimi göstərilir. Sakuralar Yaponiyanın təbii zənginliyi olaraq da təsnif edilir. Bu səbəblə ağacın istər toxumunu, istərsə də özünü ölkədən kənara çıxarılması ilə bağlı məhdudiyyətlər vardır, sadəcə olaraq 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə sadəcə hədiyyə edilir. Sevindirici haldır ki, sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan da o cümlədən, rayon olaraq İsmayıllı rayonu da daxil edilib.