Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Kəlbəcərdən olan şəhidin məzarı ziyarət edilib

02 oktyabr 2021 | 16:00

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsən Abdullayevin Quşencə kənd qəbristanlığında məzarı ziyarət edilib. Şəhidin ailəsi ilə bərabər, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı Azər Qocayev və millət vəkili Aqil Məmmədov , Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, ictimaiyyət nümayəndələri,şəhid ailələri, kənd sakinləri onun xatirəsini ehtiramla anıblar. Şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verib, qeyd edib ki,dövlətimiz və xalqımız Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını heç vaxt unutmayacaq, onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq.

Daha sonra çıxış edən Millət vəkili Aqil Məmmədov  şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. İsmayıllı rayonunda fəaliyyət göstərən Ağdam şəhər 30 saylı tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Məlumat üçün bildiririk ki, Abdullayev  Həsən Aydın oğlu 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub.  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Həsən Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Keçidlər