Şriftin ölçüsü :

Saytın rəngi :

“3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslərin Günü”

03 dekabr 2013 | 16:00

2 dekabr 2013-cü il tarixdə İsmayıllı şəhərində “3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslərin Günü” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir İsmayıllı rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Sosial-İqtisadi İnkişafa Dəstək” İB-in təşkilatçılığı və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilimişdir. Maarifləndirmə tədbirində İsmayıllı Peşə-Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tələbə və müəllim heyəti iştirak etmişdir. Tədbirin məqsədi gənc nəsil arasında Əlillik və əlilliyi olan şəxslərə dair düzgün məlumatlar yaymaq və bununla da əlilliyi olan şəxslərə qarşı müsbət və düzgün münasibət formalaşdırmaq olmuşdur.

Maarifləndirmə tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, UNİCEF-in Azərbaycan nümayəndəliyinin Uşaqların müdafiəsi proqramının rəhbəri Ramiz Behbudov və “Sosial Hüquqların Araşdırılması” İB-in sədri, Bakı Dövlət Universitetinin professoru Mayıs Əliyev mövzu barədə çıxışlar etmişlər. Vuqar Həsənov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyi, bu sahədə dövlətin gördüyü işlər və cəmiyyətin hər bir üzvündən tələb olunan fəaliyyət barədə təqdimat etmişdir. O, əlilliyi olan şəxslərin inteqrasiyasına dair Avropa Şurasının Fəaliyyət Planının asan oxunan versiyasını təqdim etmiş və 50 nüsxə Mərkəzin kitabxanasına hədiyyə etmişdir.

Ramiz Behbudov UNİCEF-in ən son qlobal hesabatlarından olan “Dünya Uşaqlarının Vəziyyəti – Əlilliyi olan Uşaqlar 2013” hesabatını iştirakçılara təqdim etmiş, qlobal səviyyədə əlilliyi olan uşaqların üzləşdikləri baryerlər və onları aşmaq üçün tövsiyyə olunan strategiyalar barədə danışmışdır. O, qeyd edilən hesabatın Qısa İcmalının Azərbaycan dilinə tərcümə edilmiş variantının 50 nüsxəsini mərkəzin kitabxanasına hədiyyə etmişdir. Ramiz Behbudov əlilliyi olan gənclərin də bu cür təhsil ocaqlarında hamı ilə bərabər təhsil almasını arzu etmişdir.

Mayıs Əliyev isə əlilliyi olan şəxslərin hüquqları barədə və bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlər barədə təqdimat etmişdir. Mayıs müəllim gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da bizlər kimi insan olmasına önəm vermələrinin vacibliyini vurğulamışdır. O, əlilliyi olan insanların inkluziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirməklə yanaşı, iştirakçılara inkluziya termini haqda ətraflı məlumat vermişdir.

İsmayıllı Peşə-Tədris Mərkəzinin direktoru Zaur Muradov tədbirdə bildirmişdir ki, bu tədris ilində müxtəlif yüngül formada əlilliyi olan 7 nəfər gənc Peşə-Tədris Mərkəzinə təhsil almaq üçün qəbul edilmişdir. Bu fakt çox yüksək qiymətləndirilmiş və gələcəkdə bunun daha geniş formada tətbiq olunması arzulanmışdır.

Tədbirin ikinci hissəsində iştirakçılar ilə interaktiv müzakirələr olmuşdur. Bu hissədə müəllim və şagird-tələbə heyətinin müxtəlif suallarına cavablar verilmişdir. Xüsusilə əlilliyi olan şəxslərin mövcud qanunvericilik çərçivəsində hüquqları və bu hüquqların təmin olunması ilə bağlı suallar daha çox olmuşdur. Eyni zamanda müəllim və şagirdlərin bir neçə konkret hal barədə sualları və şərhləri də müzakirə edilmişdir.

Keçidlər