Hörmətli ismayıllılar!
Məlumunuz olduğu kimi, “Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 dekabr 2011-ci il tarixli 219 İVQ saylı Qanununun və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2012-ci il tarixli 1984 nömrəli sərəncamı ilə İsmayıllı şəhər inzibati ərazi dairəsinə birləşdirilmiş Mican inzibati ərazi dairəsinə daxil olmuş ərazilərdəki küçələrin adlandırılması zərurəti yaranmışdır. Bu barədə təklifləri sizin müzakirənizə veririk.
1. Bazar meydanının yanından Ağasəf Salmanovun evindən başlayaraq Bahəddin Mirzəyev küçəsinə qədər olan küçəyə Tağlabiyan kəndində anadan olmuş, ustad aşıq Şamilin:
2. Aşıq Şamil küçəsindən şimala doğru A.Məmmədovun evindən Nizami küçəsinə qədər olan küçəyə Basqal qəsəbəsində anadan olmuş, ADU-nun professoru, Elmlər Akademiyasının müxbir üzvü olmuş Maqsud Cavadovun;
3. Bazarın sol tərəfindəki dəmirçi sexlərinin qarşısından başlayaraq şimala doğru A.Aslanovun evinə-Kamal Qasımov küçəsinədək olan küçəyə Mücü kəndində anadan olmuş, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü, Ali Attestasiya komissiyasının riyaziyyat bölməsinin rəhbəri olmuş Bala İskəndərovun ;
4. Köhnə Mican kənd məscidinin yanından başlayaraq “Tinglik” yaşayış massivi də daxil olan küçəyə rayonumuzda və respublikanın müxtəlif bölgələrində rəhbər vəzifələrdə çalışmış Ramazan Ədilovun ;
5. Zərdabi küçəsinin kəsişməsindən köhnə Mican kənd uşaq bağçasının yanına-Rəşid Mahmudov küçəsinə qədər olan küçəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuş, məşhur alim, professor Şövqi Ağayevin;
6. Cümə məscidindən başlayaraq “Alma bağı”nadək olan küçəyə klassik Azərbaycan ədəbiyyatının, şərq poeziyasının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin;
7. Olimpiya-İdman Kompleksinin sağ tərəfindən Rövşən Behbudovun evindən başlayaraq Nəsimi küçəsinə qədər olan küçəyə Respublika Prokuroru olmuş İsmət Qayıbovun;
8. Əbülhəsən küçəsindən sola doğru Nəriman Alıyevin evindən başlayaraq Nəsimi küçəsinə kimi olan küçəyə tanınmış Azərbaycan şairi Bəxtiyar Vahabzadənin;
9. Keçmiş İsmayıllı kəndinin mərkəzi küçəsi olan Cavad Məmmədov küçəsindən şimala doğru Arif Ağamalıyevin evinin alt hissəsindən başlayaraq Nəsimi küçəsinə qədər olan küçəyə məşhur yazıçı-dramaturq İlyas Əfəndiyevin;
10. Cavad Məmmədov küçəsindən cənuba doğru Əyriçaya qədər olan küçəyə Qubaxəlilli kəndində anadan olmuş, Sosialist Əməyi Qəhrəmanı Gülüstan Həsənovanın;
11. Mərkəzi Xəstəxananın sağ tərəfindəki ət mağazasının alt hissəsində Cavad Məmmədov küçəsinə qədər olan küçəyə Lahıc qəsəbəsində anadan olmuş, tanınmış yazıçı Manaf Süleymanovun;
12. Əbülhəsən küçəsinin sağ tərəfindəki köhnə dəyirman binasının alt hissəsindən Əli Mehdiyevin evinə qədər olan küçəyə Zoğallıq kəndində anadan olmuş, “Muğan” poemasının qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı Sarvan Salmanovun;
13. Sarvan Salmanov küçəsindən sağa doğru Əyriçaya qədər olan küçəyə Respublikanın müxtəlif bölgələrində prokuror işləmiş İsmayıl Ağayevin;
14. Əbülhəsən küçəsindən sağa doğru Ağasəf Nəzirməmədovun evindən Cavad Məmmədov küçəsinə qədər olan küçəyə Cülyan kəndində anadan olmuş, inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Aslan Osmanovun;
15. Qəbələ magistral yolundan cənuba doğru ərazidə salınacaq yeni yaşayış massivi 31-ci kvartal adlandırılsın. Həmin küçəyə əslən Lahıcdan olan, Azərbaycanın ilk qadın gəmi kapitanı, Konservatoriyada siyasi iqtisad kafedrasının müdiri işləmiş Şövkət Səlimovanın adının verilməsi məqsədəuyğun hesab edilir.
Davam etdirilən əvvəlki küçələr:
1. Mikayıl Müşfiq küçəsi qərbə doğru uzadılaraq, Quşçuluq Kompleksinin üst tərəfindən başlayaraq hər iki köhnə Qəzli kvartalı da həmin küçəyə daxil edilir.
2. Bahəddin Mirzəyev küçəsi köhnə Mican kəndinin içərisinə qərbə doğru Ağamirzə Əliyevin evindən Rasim Cəfərovun evinə qədər uzadılır.
3. Molla Pənah Vaqif küçəsi Zərdabi küçəsinə-Həbib Fətəliyevin evinə kimi uzadılır.
4. Əlağa Vahid küçəsi Ənvər Kərimovun evinə-Rəşid Mahmudov küçəsinə kimi uzadılır.
5. Babək küçəsi keçmiş İsmayıllı kəndinin (Aşağıbaş) şərqinə doğru Sabir Mirzəliyevin evindən başlayaraq Əyriçaya qədər uzadılır.
Xahiş edirik, təkliflərinizi İsmayıllı rayon İcra Hakimiyyətinə, mail@ismayilli-ih.gov.az elektron poçtuna və “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasına göndərəsiniz.