Şriftin ölçüsü :

Saytın rəngi :

Poliatlon çoxnövçülüyü üzrə zona birinciliyinin qalibləri müəyyənləşib

16 oktyabr 2021 | 16:00

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə "Zəfər gününə" həsr olunan “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının zona birinciliyi keçirilib.

Zona birinciliyində Ağsu,  Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Balakən, Göyçay  və İsmayıllı rayon təmsilçiləri iştirak ediblər.

Tədbirdə Gənclər və İdman Nazirliyinin məsul işciləri,  İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, Təhsil şöbəsinin əməkdaşları və idmana həvəskar gənclər iştirak ediblər.  Çempionat Şəhidlər xiyabanına ziyarət ilə başlanıb.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra,  İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov tədbiri açıq elan edərək  qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hisslərinin aşılanmasına və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar diləmişdir.

Sonra  poliatlon dörd növçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilmişdir. 

Gərgin və maraqlı keçən yarışlarda Oğuz rayonunun komandası birinci yerə, Qəbələ  rayon komandası ikinci yerə, İsmayıllı və Ağsu rayon komandaları isə üçüncü yerə layiq görülüb.

Məlumat üçün qeyd edək ki,  birinci yerin qalibi Xaçmaz şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanıb.

 

Keçidlər