İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
17 oktyabr 2021-ci il tarixində İsmayıllı rayonunun Quşencə kəndindən olan şəhid Taleh Qənbərlinin ad günü məzarı yanında qeyd olunub. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, millət vəkili, hüquq mühafizə orqanının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuzun torpaqlarımızı düşməndən işğalından azad etdiyini qeyd etmişdir. Millət vəkili Novruz Aslanov da şəhidin ailəsinə başsağlığı verib, sonra çıxışında şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb.
Çıxış edənlər şəhid Taleh Qənbərlinin keçdiyi şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib. Quşencə kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Məlumat üçün bildiririk ki, Taleh Qənbərli 1994-cü il oktyabrın 17-də İsmayıllı rayonunun Quşencə anadan olub. Orta təhsilini Quşencə kənd tam orta məktəbində almışdır. Məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanmışdır. 44 günlük Vətən müharibəsində iştirak edən Taleh Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, noyabr ayının 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 6-da doğulduğu Quşencə kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Taleh Qənbərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.