İsmayıllıda narkomaniyanın zərəri barədə tədbir keçirilib
İsmayıllıda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir pandemiya qaydalarına uyğun olaraq iki hissədə təilm-treninq formasında təşkil edilib. Tədbiri giriş sözü ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Pakizə Abbasova açaraq qonaqları salamlayıb və iştirakçılara tədbirin mövzusu barədə məlumat verib.
Təlimdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Seymur Quliyev çıxış edərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasəti, narkotik aslılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə qanunvericiliyin müddəalarından məlumat veriblər.
Mingəçevir Narkoloji Dispanserin həkim narkoloqu narkotik vasitələrin insan orqanizimində törətdiyi fəsadlar, narkotik aslılıqdan müalicə, erkən müalicənin labüdlüyü və profilaktik işin aparılması qaydaları haqqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirin sonunda narkomaniyanın fəsadları barədə videoçarx nümayiş etdirilib və treninqin iştirakçılarına maarifləndirici bukletlər paylanılıb. Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizəyə dair öz fikir və təkliflərini bildirməklə, treninq qarşılıqlı dialoqla yekunlaşıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.