Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr-Zəfər Günü ilə əlaqədar şəhid ailələrinin gənc üzvləri, qazilər və rayon gəncləri Bakı şəhərinə səfər ediblər

04 noyabr 2021 | 16:00

3 noyabr 2021-ci il tarixində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin təşkilatçılığı ilə şəhid ailələrinin gənc üzvlərinin, qazilərin və rayon gənclərinin Bakı şəhərinə səfəri baş tutub.

Səfər iştirakçıları öncə  İsmayıllı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirə şəkli çəkdiriblər.

Daha sonra iştirakçılar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Gənclər 2-ci Fəxri xiyabanda Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin və II Qarabağ müharibəsinin  İsmayıllı rayonundan olan şəhidi polkovnik-leytenant Ruslan Tağıyevin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.Şəhidlər xiyabanını ziyarət edən gənclər  Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Zəfər yarmarkasına səfər edən gənclər müxtəlif mövzuların əks olunduğu sərgilərlə tanış olublar. Sərgidə Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunub.Yekunda həmyerlimiz Məmmədov Tural Rəfayel oğlunun təşəbbüsü ilə “Myfood” şirkətinin əməkdaşları gənclərimizə öz hədiyyələrini təqdim ediblər.

Sonra gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Səfər iştirakçıları Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində salınan Hərbi Qənimətlər Parkında “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, qənimət kimi götürülən texnikanın bir qismi, tanklar, döyüş maşınları,artilleriya qurğuları ilə tanış olublar.

Qeyd edək ki, ekskursiyanın təşkil olunmasının məqsədi  Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun düşməni məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin gənclərə nümayiş etdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi haqqında məlumatlandırılmasından ibarət olub.

Keçidlər