Rabitə və telekommunikasiya işçilərinin peşə bayramı qeyd olunub
İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Rabitə və telekommunikasiya işçilərinin peşə bayramı qeyd olunub. Əvvəlcə rabitə və telekommunikasiya qovşağının işçiləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizdə rabitə sahəsinin məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün ulu öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, rayonda rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirilir. Şəhər və kənd telefon şəbəkəsi abunəçilərinə yüksək sürətli internet xidmətinin göstərilməsi üçün ADSL avadanlıqları vasitəsilə verilən portların sayı 2700 çatdırılıb. Quraşdırılması planlaşdırılan NGN texnologiyasının tətbiqindən sonra ADSL internet portalının sayını istənilən qədər artırmaqla bərabər, həmçinin yeni nəsil telekommunikasiya sistemi İP-TV, video-telefon ilə yanaşı, 21 növ servis xidmətlərindən istifadə etmək mümkün olacaq. Şəhər əhalisi ilə yanaşı, ucqar kənd sakinlərinin poçt xidmətləri təminatında da uğurlar əldə olunduğunu bildirib. Şöbələrdə məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, sürətli poçt xidmətləri, dövrü mətbuatın abunəsi və çatdırılması, həmçinin enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılıb. Tədbirdə poçt rabitə və telekommunikasiya xidmətlərinin daha da yüksəldilməsi işində fərqlənən işçilər fəxri fərmanlarla və pul mükafatları ilə təltif olunub.