Yaponiyadan başlanan dostluq yolu İsmayıllıda qardaşlığa çevrildi
Bir neçə il bundan əvvəl Gündoğar ölkədən-Yaponiyadan başlanan dostluq yolu İsmayıllıya çatandan sonra qardaşlıq münasibətlərinə çevrildi. Bu münasibətlər çoxsaylı sosial obyektlərin tikilməsi və istifadəyə verilməsində öz əksini tapdı.
2009-cu ilin oktyabr ayında korporasiya Prezidenti Kosuqi Sakinin təşəbbüsü ilə Heydər Əliyev adına parkda Yapon bağı salındı. Cənab Prezident 29 oktyabrda İsmayıllıya səfəri zamanı bağa baxdı.
Bir müddətdən sonra Kosuqi Sakinin iştirakı ilə İto şəhərinin nümayəndə heyəti İsmayıllıya gəldi . İlkin dostluq əlaqələri yarandı. 20 noyabr 2013-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılığı ilə nümayəndə heyətimiz Yaponiyanın İto şəhərinə cavab səfəri ilə getdi. Dövlət səviyyəsində edilən bu səfərin iştirakçıları Yaponiya və yaponlar barədə ən yüksək fikirlərlə qayıtdılar.
07 dekabr 2013-cü il tarixdə Yaponiyanın İto şəhərinə səfərin yekunlarına həsr olunmuş fəallar yığıncağı keçirildi. Əvvəlcə İto şəhərinə həsr olunmuş filmə baxıldı.
Səfərin yekunları, qardaşlaşmış şəhərlərin birgə həyata keçirəcəyi tədbirlər, görəcəkləri işlər barədə Mirdaməd Sadıqov təhlili çıxış etdi.Bildirdi ki, məktəblilər səviyyəsində də gedişlər olmalı, bütün istiqamətlərdə dostluq və qardaşlıq əlaqələri möhkəmlənməlidir.
Əhalisi İsmayıllı rayonunun əhalisi qədər olan İto şəhərinin ən böyük qazancı turizmdəndir. Odur ki, həmin şəhərin büdcəsi rayonumuzun büdcəsindən 40 dəfə çoxdur.
Lahıc turizm-informasiya mərkəzinin direktoru Dadaş Əliyev bu sahənin daha sürətli inkişafı yollarından danışdı.
Şəhər bir saylı tam orta məktəbin ingilis dili müəllimi Aytəkin Əhmədova müəllim yoldaşlarının və şagirdlərini beynəlxalq əlaqələrindən, İto şəhər məktəbləri ilə yaranmış dostluq əlaqələrindən, müasir informasiya texnologiyaları vasitəsilə Yapon dilini öyrənəcəklərindən, yaponlara Azərbaycan dili öyrədəcəklərindən ətraflı bəhs etdi.
Sahibkar Cavanşir Seyidov ekzotik yapon və digər Şərq ağac və tinglərinin yetişdiriləcəyi yollarından yaranan fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Yığıncaq müasirliyi və elmliyi ilə daha çox diqqəti cəlb etdi.