Şəhid Cahan Məmmədzadənin medalı anım günündə ailəsinə təqdim edilib
Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir Məmmədzadə Cahan Saleh oğlunun anım günü Təzəkənd kənd qəbiristanlığında qeyd edilib.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Anım mərasmində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, şəhidlərimizin qanı bahasına bayrağımızın dalğalandığı hər qarış torpağın müqəddəs olduğunu və buna görə şəhidlərimizə borclu olduğumuzu söyləyiblər. Bildiriblər ki, qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.
Şəhid Cahan Məmmədzadənin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Cahan Məmmədzadənin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub, şəhidin “Şuşanın azad olunmasına görə” medalı ailəsinə təqdim edilib.
Bu gün həm də Ağbulaq kəndindən olan şəhid Ramil Yusifovun “Cəsur döyüşçü” medalı ailəsinə təqdim edilib.